Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcəsinin verilməsi qaydaları

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİNIN QƏRARI

№ 88

Bakı şəhəri, 12 may 2010-cu il

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və dövlət təhsil standartları əsasında ali təhsilin magistratura səviyyəsində təhsilin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi qaydalarını tənzimləyir.

1.2. Magistr hazırlığı ali təhsilin ikinci səviyyəsi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş magistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Bu səviyyədə bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanır.

Xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilir. Bu ixtisasların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

1.3. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilməklə, magistratura səviyyəsində təhsilin məzmununa, ixtisasların ayrı-ayrı ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarına, eləcə də təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir.

1.4. Bu Qaydalar mütəxəssis hazırlığının səviyyəsinə ümumi tələblər qoymaqla, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsinə, məsuliyyətin, eləcə də kadr hazırlığının səmərəliliyinin artırılmasına, tədris-metodiki təminatın yaxşılaşdırılmasına, təhsilalanların attesta-siyasının şəffaflığına, təhsilin keyfiyyət səviyyəsinin ölkədə qəbul olunan təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması şərtilə, respublikanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasına və ölkəmizdə verilmiş təhsil sənədlərinin beynəlxalq təhsil məkanında tanınmasına şərait yaradır.

1.5. Magistratura səviyyəsində əyani və qiyabi təhsilalma formaları müəyyən edilir.

1.6. Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir.

1.7. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, respublikanın bütün ali təhsil müəssisələrində magistratura təhsili ödənişli və ödənişsiz əsaslarla həyata keçirilə bilər.

1.8. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan respublikanın bütün ali təhsil müəssisələrində magistratura Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılır.

1.9. Müvafiq ixtisas üzrə magistr hazırlığı yalnız həmin ixtisas üzrə ali təhsilin birinci səviyyəsi (bakalavriat) buraxılışı olan ali məktəblərdə həyata keçirilir.

1.10. Dövlət ali təhsil müəssisələrində magistraturaya qəbul həmin ixtisasın bakalavr buraxılışının 20 faizinə qədər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir (ödənişli və ödənişsiz təhsilalanların cəminə nisbətən).

1.11. Magistraturaya tələbə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

1.12. Xarici ölkələrin vətəndaşlarının magistraturaya qəbulu müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

2. Magistratura səviyyəsində təhsilin məzmununa və tədris prosesinin təşkilinə qoyulan tələblər

2.1. Magistratura - ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir.

2.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində magistr hazırlığı ixtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramı, ona müvafiq hazırlanmış tədris planı, fənlər üzrə işçi proqramlar (sillabuslar) və digər normativ sənədlər (qiymətləndirmə qaydaları, fərdi tədris planları, dərs cədvəlləri, imtahan cədvəlləri, dərslərin reqlamentləri, təcrübənin keçirilməsi qaydaları və s.) əsasında həyata keçirilir.

2.3. Magistr təhsilinin məzmunu tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini, ixtisasın ixtisaslaşmaları üzrə təhsil proqramında qoyulan tələbləri əhatə edir.

Tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılması, təşkili tədris planı (nümunəvi işçi və fərdi) və fənn proqramları və ona müvafiq hazırlanmış fənlər üzrə işçi proqramları əsasında həyata keçirilir. Bu planların forma və strukturu ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.

Fənn proqramları müvafiq ixtisasın təhsil proqramlarının tələblərinə uyğun olaraq ali təhsil müəssisələri tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Fənlər üzrə işçi proqramları (sillabuslar) isə ali təhsil müəssisəsi tərəfindən hazırlanır və təsdiq edilir.

İşçi tədris proqramı (sillabus) - fənnin müvafiq proqramı əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini, tələbənin müstəqil işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirilmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını əks etdirən sənəddir.

2.4. Magistratura səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri təlimdən, pedaqoji və peşəkar hazırlıqdan, eləcə də elmi tədqiqat işlərindən ibarətdir.

Magistrin nəzəri təlimi və pedaqoji hazırlığı humanitar, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, sərbəst iş, pedaqoji təcrübə və s. formada öyrənməsi ilə təmin olunur.

Magistrin elmi tədqiqat sahəsində hazırlığı konkret tədqiqat fəaliyyətinin tələblərinə uyğun olaraq, müasir üsullarla araşdırmaların aparılması və dissertasiya işinin hazırlanması ilə təmin olunur.

2.5.İxtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramının strukturu tədris (humanitar və ümumi hazırlıq, eləcə də ixtisaslaşma fənləri) və elmi tədqiqat hissəsindən ibarətdir.

2.6. Magistratura səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan AKTS - Avropa Kredit Transfer Sistemi) ilə həyata keçirilir.

2.7.Tələbələrin fənlər üzrə attestasiyası (biliyinin qiymətlən-dirilməsi) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydada çoxballı (100 ballı) sistemlə həyata keçirilir.

2.8. Tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər.

2.9. Əyani formanın təhsil müddətində nəzəri tədrisə - 45, elmi tədqiqat və elmi-pedaqoji təcrübələrə - 8, imtahan sessiyalarına isə 15 həftə ayrılır. Bu zaman auditoriya saatları 12-16 həftədir.

Dissertasiya işinin hazırlanması və müdafiəsinə 12, tətillərə isə 14 həftə ayrılır.

2.10. Tələbənin auditoriya və auditoriyadankənar (bütün tədris, elmi tədqiqat və elmi-pedaqoji ) həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman dərslər 12-16 saat təşkil edir.

Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 120-160 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və tədris planına müvafiq olaraq yekunlaşır.

2.11.Bir akademik saat - 45 dəqiqəyə bərabərdir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır.

2.12. Magistratura üzrə aparılan elmi tədqiqat işləri axtarış və tətbiqi xarakterli işlər olmalıdır.

2.13.Magistrantlara elmi rəhbərlik, bir qayda olaraq, həmin təhsil müəssisəsində çalışan professor-müəllim heyətinin elmi adı və ya elmi dərəcəsi olan nümayəndələri və ya həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər tərəfindən həyata keçirilir. Bir nəfərə 5-dən çox magistranta rəhbərlik etməyə icazə verilmir. Magistrantın elmi tədqiqatının yönümü müxtəlif elmlərin qovuşmasından ibarət olduğu halda, ona elmi rəhbərlə yanaşı, elmi məsləhətçi də təyin oluna bilər.

3. Magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuralar

3.1. Ali təhsilin magistratura səviyyəsində təhsilin yekun mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir (ixtisasdan asılı olaraq buraxılış imtahanı da ola bilər).

3.2.Magistratura səviyyəsini bitirən şəxslərə "magistr" ali elmi-ixtisas dərəcəsi verilir. "Magistr" dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün ali təhsil müəssisəsi tərəfindən yaradılmış ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam etdirə bilərlər.

3.3.İxtisaslaşdırılmış şuraların yaradılması və onun işinin təşkili qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla müəyyən olunur.

4. Magistraturada yekun attestasiya

4.1.Tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar.

4.2.Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsi və ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır.

4.3.Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.

4.4.Ali təhsil müəssisələrində magistratura səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş və magistr ali elmi-ixtisas dərəcəsi almış şəxslərə müəyyən olunmuş formada dövlət nümunəli diplom verilir.

4.5.Magistratura səviyyəsini bu və ya digər səbəbdən başa vurmayan şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

 

 

 

Bookmark and Share